logo

“OBA Market”in dələduzluq edən administratoruna cinayət işi açılıb

16:26 15-09-2021 | icon 1855
“OBA Market”in dələduzluq edən administratoruna cinayət işi açılıb

“OBA Market” MMC-nin “Alatava-1” filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Yasamal rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış ibtidai istintaqla Nicat Dadaşovun 2019-cu il dekabrın 2-dən 2020-ci il mayın 28-dək olan müddətdə həmin vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə vurulmuş ziyanın 3900 manatlıq hissəsi ibtidai istintaq dövründə ödənilib. Qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.