logo

Kestudis Yankauskas Azərbaycanda diplomatik fəaliyyətini başa vurdu

19:59 22-07-2021 | icon 532
Kestudis Yankauskas Azərbaycanda diplomatik fəaliyyətini başa vurdu

İyulun 22-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasın ölkəmizdə Aİ-nin nümayəndəsi qismində çalışdığı müddətdə peşəkar, məqsədyönlü və uğurlu fəaliyyətini vurğulayıb, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü ifadə edib.

Səfir Kestudis Yankauskas fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, Aİ-nin bölgənin sülh və dostluq şəraitində inkişaf etməsində maraqlı olduğunu qeyd edib. K.Yankauskas Aİ-Azərbaycan tərəfdaşlığında yeni əməkdaşlıq imkanlarından faydalanmağın əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Aİ ilə bağlı baş verən ən son hadisələr, o cümlədən son ayda Azərbaycana həyata keçirilən yüksək səviyyəli səfərlər, eləcə də əməkdaşlığın perspektivləri, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn yüksək səviyyəli görüşünə hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nazir Ceyhun Bayramov səfir Kestudis Yankauskasa gələcək fəaliyyətində uğurlar arzulayıb.