logo

Builki kənd təsərrüfatı və qida sənayesi sərgilərində 27 ölkədən 248 şirkət iştirak edəcək

11:59 09-06-2021 | icon 2478
Builki kənd təsərrüfatı və qida sənayesi sərgilərində 27 ölkədən 248 şirkət iştirak edəcək

Sabah Bakı Ekspo Mərkəzində öz işinə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgisində dünyanın 27 ölkəsindən 248 şirkət iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətinin iyunun 9-da “JW Marriott Absheron Baku" hotelində təşkil edilən mətbuat konfransında məlumat veriblər.

Bildirlib ki, sərgilərdə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland kimi ölkələri təmsil edən şirkətlər öz məhsullarını təqdim edəcəklər.

Sərgilərdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək.

Bakı Ekspo Mərkəzində keçiriləcək sərgilər iyunun 10-dan 12-dək davam edəcək.

Xatırladaq ki, 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri “Caspian Event Organisers” şirkətinin pandemiya səbəbindən ötən ildən bəri Bakıda təşkil etdiyi ilk sərgidir.

Yaz-yay mövsü üçün planlaşdırılan digər ənənəvi sərgilər keçirilməyəcək.

Payız mövsümündə, pandemiyanın səviyyəsindən asılı olaraq, digər ənənəvi sərgilərə yenidən start veriləcək.