logo

“YAŞAT” Fonduna 36 milyon manatdan çox vəsait toplanıb

14:15 29-04-2021 | icon 2289
“YAŞAT” Fonduna 36 milyon manatdan çox vəsait toplanıb

Bu günə kimi “YAŞAT” Fondunun əməkdaşları 2881 şəhid ailəsini ziyarət edib, 2700-dən çox qazi ilə müxtəlif məkanlarda görüşüblər. Yataq xəstəsi olan 300-dən çox qazinin mənzilində görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.

O, bildirib ki, “YAŞAT” Fondunun 4 fəaliyyət istiqaməti var. İndiyədək Fonda 36 milyon manatdan çox vəsait toplanıb. 20 milyondan çox vəsait təyinatı üzrə xərclənib. Fonda toplanan vəsaitlər ən çox məişət şəraitinin yaxşılaşdırılması və tibb istiqamətləri ilə bağlı xərclənir. Çünki ən çox müraciətlər bu istiqamətlər üzrədir.

Tibb istiqaməti üzrə görülən işlər barədə məlumat verən E.Hüseynov qeyd edib ki, Fond tərəfindən Türkiyədən dəvət olunan bir qrup həkim ölkəmizə gələrək tibb müəssisələrində qazilərlə görüş keçiriblər. Həmin qazilər xarici və yerli mütəxəssislərin rəyi nəzərə alınaraq qardaş ölkəyə müalicəyə göndərilib. Eyni zamanda, İsraildən ölkəmizə 8 cərrah gəlib. Onlar 140-dan çox qazini müayinə, 30-dan artıq qazini əməliyyat ediblər. 50-dən çox qaziyə protez göz taxılıb, 2 qazi üzərində buynuz qişa əməliyyatı icra edilib və onların görməsi bərpa olunub.

“YAŞAT” Fondu tərəfindən 76 qazi Türkiyəyə göndərib, onlardan 9-u sağalaraq vətənə dönüb. Hazırda 69 qazinin Türkiyədə müalicəsi davam edir. Ümumiyyətlə, ağır yaralı qazilərin ölkə xaricində müalicəsi ilə bağlı fəaliyyət davam etdirilir.

“YAŞAT” Fondunun fəaliyyət istiqamətlərindən biri də sentyabrın 27-dən sonra doğulan şəhid övladları ilə bağlıdır. Bu günə kimi 68 şəhidin yeni doğulmuş övladına aid depozit hesablara yerləşdirilib”, - deyə Fondun rəhbəri diqqətə çatdırıb.