logo

YAP sabah Hüseynbala Mirələmovla bağlı qərar verəcək

16:46 22-04-2021 | icon 1687
YAP sabah Hüseynbala Mirələmovla bağlı qərar verəcək

Yeni Azərbaycan Partiyasının(YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb. Lakin YAP tərəfindən sabiq Milli Məclis deputatının bu əxlaqa zidd hərəkətinə münasibətdə hansı konkret qərar qəbul ediləcək, bu məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyi nədən ibarət olacaqdır?

YeniAvropa xəbər verir ki, cəmiyyəti maraqlandıran mövzu ilə bağlı YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə Hüseyn  Paşayev bildirib.