logo

Teymur Rəcəbov "Opera Euro Rapid"də üçüncü oldu

21:48 14-02-2021 | icon 336
Teymur Rəcəbov "Opera Euro Rapid"də üçüncü oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində üçüncü yeri tutub.

YeniAvropa xəbər verir ki, 34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.

Qeyd edək ki, rəqiblər apasında ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.

Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşır. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bu gün isə üstünlük Sonun tərəfindədir - 1,5:0,5.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Xatırladaq ki,Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.