logo

İndoneziyada qəzaya uğrayan sərnişin təyyarəsinin yeri aşkar edilib

14:21 10-01-2021 | icon 2002
İndoneziyada qəzaya uğrayan sərnişin təyyarəsinin yeri aşkar edilib

Yanvarın 10-da xilasedicilər bir gün əvvəl qəzaya uğramış sərnişin təyyarəsinin Yava dənizində düşdüyü dəqiq yeri aşkar ediblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,bu barədə İndoneziyanın nəqliyyat naziri Budi Karya Sumadi məlumat verib. Nazir bildirib ki, təyyarənin düşdüyü yer dəqiq müəyyən edilib və hazırda birləşmiş dalğıclar qrupu “qara qutu”nun axtarışlarını davam etdirirlər.

“Bu çox vacib nəticədir, çünki əvvəllər “qar qutu”nun tapılmasına günlərlə vaxt sərf olunurdu”, - deyə nazir bazar günü Cakartada təşkil edilən virtual mətbuat konfransı zamanı bildirib.

B.K.Sumadi əlavə edib ki, hazırda bütün diqqət “qara qutu”nun və həlak olanların cəsədlərinin aşkar olunmasına yönəldilib.

Eyni zamanda, İndoneziya hava qüvvələrinin komandanı marşal Hadi Tyacanto təyyarənin daha böyük parçalarının qaldırılması üçün qaldırıcı kranın əraziyə göndərildiyini bildirib.

Bununla yanaşı, Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin sədri Surcanto təyyarənin “qara qutu”sunun siqnallarını müəyyən etmək üçün əraziyə xüsusi qrupun göndərildiyini deyib və onun bu gün aşkar ediləcəyinə ümidvar olduğunu əlavə edib.

Xatırladaq ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Male adaları yaxınlığında Yava dənizinə düşüb. Təyyarə Cakartadan Kalimantan adasında yerləşən Pontianak şəhərinə uçurmuş. Təqribən 3 kilometr hündürlüyə qalxan təyyarə gözlənilmədən bir dəqiqə ərzində dəniz səviyyəsinə düşüb və radarlardan itib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. İlkin məlumata görə onların hamısı həlak olub.

Azərbaycanın İndoneziyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları olmayıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.