logo

Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub

14:12 10-11-2020 | icon 1883
Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycan tərəfinin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir davam edən münaqişənin həllində yeni mərhələni başlatdığını qeyd edib. Nazir Ceyhun Bayramov bölgədə sülhün təmin olunması üçün davamlı səylərinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində münaqişənin həlli istiqamətində mühüm addım olan bu bəyanatın imzalanması ilə əlaqədar məmnunluğunu ifadə edib. O, tərəflərin bu qərarının bölgədə dayanaqlı sülhün təmin olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirib.