logo

Sahibə Qafarova: Bu gün hər kəs Azərbaycan dövlətinin və Ordusunun gücünü görür

11:31 06-11-2020 | icon 1533
Sahibə Qafarova: Bu gün hər kəs Azərbaycan dövlətinin və Ordusunun gücünü görür

Azərbaycan mümkün olmayanı reallaşdırıb. Uzun müddət işğal altında rayonlarımız, şəhərlərimiz, eləcə də 200-dən çox yaşayış məntəqəmiz azad edilib. Bu gün hamı qədim Qarabağ torpağında xeyirlə şərin mübarizəsinin şahididir. Bu gün hər kəs Azərbaycan dövlətinin və Ordusunun gücünü görür.

 YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da keçirilən plenar iclasda deyib.

Sahibə Qafarova bildirib ki, rəşadətli Azərbaycan Ordusu özünü məğlubedilməz hesab edən Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradıb, düşmənə canlı qüvvə və hərbi texnika baxımından xeyli ziyan vurulub.

Milli Məclisin sədri bildirib ki, eyni zamanda, Ermənistanın dünyada uzun müddət yaydığı dezinformasiyalarına da beynəlxalq səviyyədə ciddi zərbələr vurulur. Dünya ictimaiyyəti mülki əhalini, yaşayış obyektlərini hədəfə alan və insan tələfatı törədən erməni faşizminin bəşəriyyətə təhlükə olduğunu gördü.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığı indi bütün dünyaya məlumdur. Böyük qələbəyə yaxınlaşırıq. Azərbaycan Prezidenti İlham Əliyev dediyi kimi, biz öz ərazi bütövlümüzü bərpa edəcəyik. Qarabağ Azərbaycandır!.