logo

XİN Azərbaycanın “ildırımsürətli müharibəyə” başlayacağı iddialarına cavab verdi

12:43 02-09-2020 | icon 2541
XİN Azərbaycanın “ildırımsürətli müharibəyə” başlayacağı iddialarına cavab verdi

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Rusiyanın “Nezavisimaya qazeta” nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibəyə” hazırlaşdığı barədə yayılan xəbərə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda qeyd edilir ki,  L.Abdullayeva deyib ki, növbəti dəfə Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik.

“Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk. Bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur. ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun “qəhrəmanlığının” Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir”,-deyə XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır:

“Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur”.

Xatırladaq ki, ötən gün Rusiyanın  “Nezavisimaya qazeta” nəşrində “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı ildırımsürətli müharibəyə hazırlaşır” adlı məqalə dərc edilib. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə iddialar yer alıb.

Azərbaycan Müdafiə Nazirliyi də bəyanat yayaraq iddiaları uydurma adlandırıb və qəti surətdə rədd etdiyini bildirib.