logo

İrandan qayıdan 3 azərbaycanlıda koronavirusa yoluxma qeydə alınıb

21:49 06-03-2020 | icon 3171
İrandan qayıdan 3 azərbaycanlıda koronavirusa yoluxma qeydə alınıb

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumatda qeyd edilib. Bildirilib ki, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.