logo

Rusiyanın hərbi polisləri Suriyaya gəlib

10:58 25-10-2019 | icon 259
Rusiyanın hərbi polisləri Suriyaya gəlib

Kürd separatçılarının Türkiyə sərhədindən uzalaşdırılmasına kömək edəcək 300 rusiyalı hərbi polis Suriyaya çatıb.

YeniAvropa Rusiya KİV-lərə istinadla xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Çeçenistandan gətirilən hərbi polis Suriyanın şimal-şərqində əhalinin təhlükəsizliyini təmin edəcək, asayişi qoruyacaq, patrul xidməti aparacaq, silahlı qruplaşmaların Türkiyə-Suriya sərhədindən 30 kilometr uzaqlaşdırılmasına yardım göstərəcək.

Həmçinin Hmeymim aviabazasına hərbi polis üçün “Tıqr” və “Tayfun-U” zirehli avtomobilləri də çatdırılacaq.

Qeyd edək ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Sənədə əsasən, Tell-Abyad və Ras-əl-Ayn şəhərləri arasında hazırkı “Sülh çeşməsi” əməliyyatı rayonunda 32 kilometr məsafədə status-kvo vəziyyəti saxlanılacaq.

Türkiyənin keçirdiyi əməliyyat xaricindəki zonaya daxil olan Bəşər Əsədə sadiq qüvvələr və Rusiyanın hərbi polisi 150 saat ərzində silahlıların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım edəcək. Qamışlı şəhəri istisna olmaqla, sərhədin on kilometr dərinliyində Türkiyə və Rusiya hərbçilərinin birgə patrulu başlayacaq.

Eyni zamanda, Ankara və Moskva terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görəcək və qaçqınların geri qaytarılmasını təşkil edəcək.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında PKK-YPG ünsürlərindən təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan etmişdi. Oktyabrın 17-də isə Türkiyə və ABŞ əməliyyata 120 saat ara verilməsi barədə razılığa gəlmişdilər.