logo

Pentaqon rəhbəri gözlənilmədən İraqa səfər edib

15:08 23-10-2019 | icon 273
Pentaqon rəhbəri gözlənilmədən İraqa səfər edib

ABŞ-ın Müdafiə naziri Mark Esper Bağdada elan olunmamış səfər edib.

YeniAvropa "Reuters" informasiya agentliyinə istinadla xəbər verir ki, Pentaqon rəhbəri Bağdadda iraqlı həmkarı Nacah əş-Şamari və İraqın baş naziri Adil Abdulmehdi ilə görüşməyi planlaşdırır. Mark Esper İraq rəhbərliyi ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesi və bu prosesdə İraqın rolu məsələlərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalını terrorçulardan və kürd separatçılarından təmizləmək və sərhədboyu bufer zonası yaratmaq məqsədi daşıyan “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Bundan dörd gün sonra Pentaqon rəhbəri Mark Esper Türkiyənin keçirdiyi hərbi əməliyyatlar səbəbindən Suriyanın şimalından minə yaxın hərbçinin çıxarılması prosesinə başlandığını bildirib.

Oktyabrın 16-da ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın şimalında Hələbdən 150 kilometr məsafədə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhəri rayonundakı hərbi bazanı tamamilə ləğv edib. Elə həmin gün koalisiya qüvvələri ölkənin şimal-şərqində yerləşən Rakka və Tabku şəhərlərindən çıxıb. Oktyabrın 21-də isə bir qrup amerikalı hərbçi İraqın Dahuk əyaləti istiqamətində Suriya sərhədini keçib.