logo

Teymur Rəcəbov dünya kubokunun finalında yenə heç-heçə etdi

15:20 03-10-2019 | icon 420
Teymur Rəcəbov dünya kubokunun finalında yenə heç-heçə etdi

Oktyabrın 3-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında dördüncü partiya oynanılıb.

YeniAvropa xəbər verir  ki, şahmatçıların dördüncü görüşündə heç-heçə qeydə alınıb. Bununla da ümumi hesab 2:2 olub.

Şahmatçılar final qarşılaşmasının birinci görüşündə də xalları yarı bölüblər. Lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. Beləliklə, qalib müəyyənləşmədiyi üçün oktyabrın 4-də tay-breyk qarşılaşması keçiriləcək.

Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.

Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Turnirin mükafat fondu 1,6 milyon dollardır.