logo

Gürcüstanda "NATO günləri" başlayıb

11:29 03-10-2019 | icon 245
Gürcüstanda "NATO günləri" başlayıb

Oktyabrın 3-dən Gürcüstanda "NATO günləri" başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, oktyabrın sonuna qədər davam edəcək "NATO günləri" çərçivəsində Gürcüstanın 10 müxtəlif bölgəsində 70 tədbir keçiriləcək.

Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin dəvəti ilə NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək. Nümayəndə heyətinə alyansa 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qütemüller daxildir.

"NATO günləri"nin ilk tədbiri kimi Baş katibin müavini Qərbi Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşəcək. Onun, həmçinin Gürcüstanın prezidenti, baş naziri, parlamentinin sədri və digər hökumət nümayəndələri ilə görüşləri planlaşdırılır.

Səfər çərçivəsində baş tutacaq görüşlərdə NATO-Gürcüstan siyasi dialoqunun və praktiki əməkdaşlığının dərinləşdirilməsi, Gürcüstanın NATO-ya qəbul edilməsi və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi, regionda gedən proseslər, mövcud münaqişələr və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Səfər çərçivəsində NATO-Gürcüstan Komissiyasının görüşü də keçiriləcək.