logo

Prezident seçkiləri ilə bağlı polislər üçün regional seminar keçirilir

11:11 09-01-2024 | icon 721
Prezident seçkiləri ilə bağlı polislər üçün regional seminar keçirilir

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin yüksək səviyyədə təşkili, azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.

YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional seminar-müşavirələrə başlayıb.

Prezident seçkilərində polisin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin Prezident seçkilərinin hazırlanıb keçirilməsi proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İlk seminar-müşavirə yanvarın 9-da Bakıda keçirilir. Seminar-müşavirənin açılışında Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Eldəniz Məmmədov çıxış ediblər.

Maarifləndirmə tədbirləri növbəti mərhələdə yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yanvarın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək.

Xatırladaq ki, qarşıdan gələn seçkilərdə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.