logo

Milli Məclisin payız sessiyası başa çatıb

12:55 30-12-2023 | icon 2093
Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında son iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələr zamanı çıxış edənlər ölkə rəhbərliyini və xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik ediblər, bir sıra aktual məsələlərə toxunublar.

Bildirilib ki, cari ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət bayrağımız bütün ərazilərimizdə dalğalandırıldı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad bu ilin önəmli hadisələrindən biri oldu.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atıldığı diqqətə çatdırılıb. İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri tədbirlər görüldüyü bildirilib. Qeyd olunub ki, siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib, dövlətimizin beynəlxalq mövqeləri güclənib. Beləliklə, “Heydər Əliyev İli”ndə Ulu Öndərin bütün hədəfləri reallaşıb.

Deputatlar öz çıxışlarında bunların mümkün olmasının ölkədə həyata keçirilən milli maraqlara əsaslanan, müasir qlobal çağırışlara cavab verən uğurlu strateji kursun məntiqi nəticəsi olduğunu vurğulayıblar. Qarşıdan gələn 2024-cü il fevralın 7-də baş tutacaq növbədənkənar Prezident seçkilərini dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. O, birinci məsələnin “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi olduğunu deyib. Sahibə Qafarova beynəlxalq sənədlə bağlı olduğuna görə qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini diqqətə çatdırıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. O, son 30 ildə Ermənistan tərəfindən xalqımıza qarşı sistemli şəkildə aparılan terror siyasətindən, o cümlədən müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə, mənəvi terror, Vətən müharibəsi zamanı mülki əhalimizə qarşı törədilən cinayətlər, ekosid, mina terroru barədə danışıb.

Komitə sədri diqqətə çatdırıb ki, “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un əsas məqsədi 2, 3, 4, 5 və 6-cı maddələrdə təsbit olunan əməllərə görə cinayət məsuliyyətini müəyyənləşdirməkdən və bununla da terrorçuluğun, onun mənfi təsirlərinin qarşısının alınmasına yönəlmiş səyləri artırmaqdan ibarətdir.

Qeyd edilib ki, sənəddə terrorçuluq məqsədilə birlik və qrupda iştirak etmənin, terrorla bağlı təlimlərin keçirilməsinin, terrorçuluq məqsədilə ölkə xaricinə səfər etmənin, belə səfərlərin maliyyələşdirilməsinin, bu səfərlərin təşkilinin izahı verilir. Tərəflərin bu məsələlərlə bağlı zəruri tədbirlər görmək öhdəliyi müəyyən edilir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin vacibliyini qeyd edib və rəhbərlik etdiyi komitənin məsələyə müsbət rəyini diqqətə çatdırıb.

Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri növbəti məsələnin “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib və bu sənədin də bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsi barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, layihə tələb olunan gücü 150-200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi (icazə tələbinin aradan qaldırılması) məqsədilə hazırlanıb. Sənədə əsasən, tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dək olduqda onların elektrik şəbəkəsinə qoşulma işləri başa çatdırıldıqdan sonra elektrik qurğularının istismarına icazə alınması tələb olunmayacaq.

Deputatlar Vüqar Bayramov və Sabir Rüstəmxanlı layihə barədə fikirlərini və bəzi qeydlərini diqqətə çatdırıblar.

Sahibə Qafarova və komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənədin mətnində hər hansı əlavə dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Layihədə dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, habelə hərbi xidmət əleyhinə olan inzibati xətalar sırasına müvafiq olaraq cinayət və inzibati məsuliyyəti nəzərdə tutan yeni cinayət əməllərinin və inzibati xətanın daxil edilməsi, habelə bu hüquqazidd hərəkətlərin törədilməsinin qarşısının alınması məqsədilə iki sahəvi normativ-hüquqi akta müvafiq məzmunda dəyişikliyin edilməsi nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov bu komitələrin məsələ ilə bağlı müsbət rəy verdiyini söyləyiblər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, qanun layihəsinin əvvəlki oxunuşlar zamanı geniş müzakirə olunduğunu, sənədlə bağlı heç bir təklif və iradın olmadığını bildirib.

Layihə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sahibə Qafarova digər iki məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, sənədlərin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sahibə Qafarova qeyd edib ki, bu, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O qeyd edib ki, Qanunun preambula hissəsinə və 11 maddəsinə təklif olunan əlavə və dəyişikliklər ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin daha yaxşı tənzimlənməsi və vətəndaşın konstitusion hüquqlarının müdafiəsinə xidmət edir.

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə məişət zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxsin, eyni zamanda, bu kimi halların qarşısının alınmasına cavabdeh olan vəzifəli şəxsin məsuliyyətinin artırılması, zərər törədən şəxsin hərəkətlərinə dair sanksiyaların nisbətən sərtləşdirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi və digər məsələlər öz əksini tapıb.

Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Burada “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun yeni layihəsindən irəli gələn yeni əlavə və dəyişikliklər öz əksini tapıb.

İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov sənəd barədə bu komitənin müsbət rəy verdiyini bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan məsələlərlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. O, habelə Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu deyib. Komitə sədri, həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin pozulmasına dair sanksiyaların daha da sərtləşdirilməsi, qısamüddətli mühafizə orderinini verilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev məsələlərlə bağlı rəhbərlik etdiyini komitənin müsbət rəyini bildirib.

Məsələlər ətrafında müzakirələrdə komitə sədri Fazil Mustafa, deputat Nigar Arpadarai fikirlərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır.

İclasda deputat Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciətini oxuyub.

Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin Müraciəti səsə qoyularaq qəbul edilib.

Milli Məclisin payız sessiyasının son iclasına yekun vuran Sahibə Qafarova bildirib ki, bu gün payız sessiyasının son iclasıdır. 

Payız sessiyası və il ərzində görülmüş işlər haqqında məlumat verən Sahibə Qafarova diqqətə çatdırıb ki, indiyə qədər olduğu kimi, Milli Məclisin fəaliyyəti prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin birinci iclasında verdiyi tövsiyələr əsasında qurulub.

Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilib. Payız sessiyasında parlamentin 16 iclası olub, 100 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2023-cü ildə Milli Məclisin 39 plenar iclası keçirilib, 268 qanun və 27 qərar qəbul edilib.

Parlamentin rəhbəri bildirib ki, qanunvericilik fəaliyyətinin səmərəsini artırmaq, ictimai fikir üçün aktual olan məsələləri müzakirə etmək məqsədilə ictimai dinləmələrin keçirilməsi praktikası ötən dövrdə də davam etdirilib.

Parlamentin sədri bildirib ki, Milli Məclis nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirib. Parlamentdə Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.

Parlamentin sədri deyib ki, bu bir il ərzində Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilib. Deputatlar öz seçiciləri ilə müntəzəm görüşlər keçiriblər, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırıblar. Bildirib ki, Milli Məclisdə il ərzində 4 min nəfərə qədər vətəndaş qəbul edilib, 20 mindən çox vətəndaş müraciətinə baxılıb.

Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində gördüyü işlərdən danışan Sahibə Qafarova parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərindən biri də 6 ölkənin parlamenti və parlament quumu ilə əməkdaşlıq haqqında sənədlərin imzalanmasıdır. Belə ki, Türkiyə Böyük Millət Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması ilə iş birliyi haqqında sazişlər bağlanmış, Misir Senatı, Serbiya Milli Assambleyası, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi, Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası ilə Milli Məclis və ya onun müvafiq komitələri arasında anlaşma memorandumları və əməkdaşlıq protokolları da imzalanıb.

Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Ərəb Parlamenti, Türkdilli Dövlətlərin Parlament Assambleyası, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb. Bundan başqa beynəlxalq təşkilatların xətti ilə 2 böyük tədbirə - Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasına, eləcə də Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə təşkil olunan “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransa ev sahibliyi edilib.

Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreynin Manama şəhərində keçirilən ikinci konfransını Milli Məclisin təşkilatçılığı ilə keçirilən tədbirlər sırasında vurğulayıb. Bundan əlavə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Bakı Təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya Dialoqları: miras, çağırışlar və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin payız sessiyasını və 2023-cü ili uğurla başa çatdırdığını deyən Sahibə Qafarova bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.

Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. Sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcək.

Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.

Parlament sədrinin təklifi alqışlarla qarşılanıb.

Çıxışının sonunda parlamentin sədri Milli Məclisin 2023-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2023-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.