logo

İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

13:21 29-05-2023 | icon 1456
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.