logo

Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

15:30 31-01-2023 | icon 861
Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının(AKP) sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, AKP-nin mərkəzi qərargahında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nümunəvi dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətindən bəhs edib. Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çoxşaxəli əlaqələrin inkişafına toxunan Türkiyə dövlətinin başçısı hakim partiyaların gənclər qolları arasında əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşıdığını və hər iki tərəf üçün faydalı olduğunu söyləyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin və keçirilən görüşlərin YAP Gənclər Birliyi ilə AK Parti Gənclik Qolları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını bildirib. B.İslamov hər iki partiyanın gənclərinin Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini örnək götürdüyünü diqqətə çatdırıb. O, qarşıdan gələn seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.

Xatırladaq ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev, Sevinc Qasımova və üzvləri Nərmin Qocaman, Kənan Kərimov daxildirlər.