logo

İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub

14:12 06-07-2022 | icon 3024
İlham Əliyev Ramanada görülən abadlıq işləri ilə tanış olub

Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırılıb ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlət başçısı qalada aparılan bərpa işləri ilə tanış olub.

Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verildi. Bildirildi ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Dövlətbaşçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verildi ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlət başçısı Ramana İdman Mərkəzində yaradılan şəraitlə də tanış olub.