logo

Özünü ölmüş kimi qələmə verən şəxs saxlanıldı

15:51 04-06-2022 | icon 1862
Özünü ölmüş kimi qələmə verən şəxs saxlanıldı

2021-ci il noyabrın 25-də Sabirabad rayon Prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkarlanması barədə məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı müəyyənləşdirilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.

Avtomobildən aşkarlanmış sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.

Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.

Sabirabad rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyənləşdirilərək saxlanılıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.