logo

Avropa çempionatı: 5 güləşçiimiz bu gün medal görüşünə çıxır

09:19 02-04-2022 | icon 2233
Avropa çempionatı: 5 güləşçiimiz bu gün medal görüşünə çıxır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimizdən 5-i bu gün medal görüşlərinə çıxacaq.

YeniAvropa xəbər verir ki, təmsilçilərimizdən Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) finalda mübarizə aparacaqlar. Hər iki güləşçimiz Gürcüstan pəhləvanlarını sınağa çəkəcək. E.Əzizli Nuqzari Tsurtsumia, T.Məmmədov Leri Abuladze ilə görüşəcəklər. Digər idmançılarımız Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. İslam Abbasov (87 kq) bürünc medal uğrunda Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan), Beka Kandelaki (130 kq) isə Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) görüşlərinin qalibləri ilə güclərini sınayacaqlar.

Bu gün, həmçinin daha 5 yunan-Roma güləşçimiz yarışa qatılacaq. Belə ki, səkkizdəbir finaldan mübarizəyə qoşulacaq Murad Məmmədov (60 kq) Daniel Bobilyo (İspaniya), Həsrət Cəfərov (67 kq) Vitalis Lazovski (Almaniya), Ülvi Qənizadə (72 kq) Samuel Belşeidi (Almaniya), Rafiq Hüseynov (82 kq) Petr Novakla (Çexiya), Murat Lokyayev (97 kq) Arvi Savolaynenlə (Finlandiya) üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatına tam heyətlə yollanan sərbəst güləş üzrə yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq Avropa çempionu olub.

Qadın güləşçilərdən isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.