Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanın üç idmançısı bürünc medal uğrunda mübarizə aparacaq.
YeniAvropa xəbər verir ki, cüdoçularımızdan Hidayət Heydərov ilk qarşılaşmada almaniyalı Mixael Adamı məğlub etsə də, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekova uduzub. Təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Üçüncü yer uğrunda onun rəqibi Lukas Vennekold olacaq.
Digər cüdoçumuz - 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev yaponiyalı Yomişiçi Kamoçini məğlub etsə də, dörddəbir finalda türkiyəli Vedat Albayraka uduzub. Təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvarini məğlub edən cüdoçumuz növbəti mərhələyə çıxıb. O, bürünc medal uğrunda komanda yoldaşı Hasil Cəfərovla qarşılaşacaq. H.Cəfərov ilk görüşlərində gürcüstanlı Gigi Qiqauri, avstriyalı Şamil Borçaşvili və yaponiyalı Hikaru Tomokiroya qalib gəlsə də, yarımfinalda xorvatiyalı Dominik Drusetaya məğlub olub.
Qeyd edək ki, Azərbaycan yarışın birinci gününü bir dəst medalla başa vurub. Təmsilçilərimizdən Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) və Rövşən Əliyev (60 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur