logo

Bu gün Bakı “Böyük dəbilqə”sində 11 cüdoçumuz mübarizə aparacaq

09:59 06-11-2021 | icon 2870
Bu gün Bakı “Böyük dəbilqə”sində 11 cüdoçumuz mübarizə aparacaq

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə - noyabrın 6-da Azərbaycanın 11 cüdoçusu mübarizə aparacaq.

YeniAvropa xəbər verir ki, kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində Rüfət Məmmədov Yaponiya təmsilçisi Ryo Tsukamoto, Telman Vəliyev almaniyalı Lukas Vennokold, Hidayət Heydərov Mixel Adam (Almaniya) - Kornel Andries (Moldova) cütünün qalibi, Rüstəm Orucov Uranbayar Odgerel (Molqolustan) - Ken Oyoşi (Yaponiya) duelində üstün olan idmançı ilə qarşılaşacaqlar.

Kişilər arasında 81 kiloqram çəki dərəcəsində isə Elcan Hacıyev Xaknazar Nazarov (Tacikistan) -Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi, Ömər Rəcəbli serbiyalı Zebeda Rexviaşvili, Hasil Cəfərov gürcü Giqa Giqauri, Kərim Məmmədov isə Monqolustan təmsilçisi Murrentsen Battulqa ilə güclərini sınayacaqlar.

Qadınların yarışında 63 kiloqram çəki dərəcəsində Aytac Qardaşxanlı braziliyalı Qabriella Moraes, 70 kiloqram çəki dərəcəsində isə Südabə Ağayeva yaponiyalı Utana Terada, Günel Həsənli xorvatiyalı Lara Çvetko ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan yarışın birinci gününü bir dəst medalla başa vurub. Təmsilçilərimizdən Orxan Səfərov (66 kq) bütün rəqiblərini məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub. Gümüş medalı komandamızın aktivinə Azərbaycanın qadın cüdoçusu İçinxorloo Muntsxedev (57 kq) yazdırıb. Millimizin üzvü Rövşən Əliyev (60 kq) isə bürünc medal əldə edib.

Yarışın birinci gününün yekunlarına görə, komandamız ümumi hesabda ikinci pillədə qərarlaşıb. Yaponiya cüdoçuları 2 qızıl, 2 bürünc medalla birinci, Gürcüstan yığması isə 1 qızıl medalla üçüncü yeri tutur.

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük Dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.