logo

Cüdoçularımz Bakı “Böyük dəbilqə”sinin ilk günündə 3 medal qazanıb

09:25 06-11-2021 | icon 2975
Cüdoçularımz Bakı “Böyük dəbilqə”sinin ilk günündə 3 medal qazanıb

Bakıda cüdo üzrə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan cüdoçuları 3 medalla başa vurublar.

 YeniAvropa xəbər verir ki, komandamız yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Belə ki, təmsilçilərimizdən Orxan Səfərov (66 kq) ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yevgeni Qonçarkonu məğlub edən O.Səfərov finala vəsiqə qazanıb. Cüdoçumuz qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieruya ipponla qalib gələrək “Böyük dəbilqə”nin qalibi olub.

Gümüş medalı komandamızın aktivinə Azərbaycanın qadın cüdoçusu İçinxorloo Muntsxedev (57 kq) qazandırıb. Belə ki, cüdoçumuz əvvəlcə Rafaela Silva (Braziliya), daha sonra Mina Lieberini (Belçika) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, Pauline Starke (Almaniya) üzərində qələbə qazansa da, finalda Momo Tamaokiyə (Yaponiya) məğlub olaraq ikinci yerlə kifayətlənib.

Bürünc medalı isə millimizin üzvü Rövşən Əliyev (60 kq) əldə edib. Belə ki, ilk qarşılaşmada ukraynalı Dilşot Xalmatova qalib gələn cüdoçumuz sonrakı mərhələdə rusiyalı Albert Oquzova uduzub. Təsəlliverici görüşdə moldovalı Foka Nikolaeni, bürünc medal uğrunda qarşılaşmada isə monqolustanlı Sumiyabazar Enktaivanı məğlub edən R.Əliyev turnirdə üçüncü yeri tutub.

Bu nəticə ilə komandamız ümumi hesabda ikinci pillədə qərarlaşıb. Yaponiya cüdoçuları 2 qızıl, 2 bürünc medalla birinci, Gürcüstan yığması isə 1 qızıl medalla üçüncü yeri tutur.

Qeyd edək ki, noyabrın 7-də başa çatacaq mötəbər turnirdə 29 ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.