Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, yeddinci yarış günündə - oktyabrın 8-də 60, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Güləşçimiz Murad Məmmədov (60 kq) ilk mərhələdə Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Qırğızıstanlı rəqibinə məğlub olan güləşçimiz oktyabrın 9-da bürünc medal uğrunda görüşə çıxacaq.
Təmsilçimiz Murad Lokyayev (97 kq) startda İsveç güləşçisinə qalib gəlib. Ancaq ikinci görüşdə Litva idmançısına sonuncu xal prinsipinə əsasən məğlub olub.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Beka Kandelaki (130 kq) Çexiya təmsilçisini elə ilk hissədə xalçadan məyus yola salıb. Millimizin üzvü dörddəbir finalda son Olimpiadanın gümüş medalçısı Yakobi Kajaya ilə bacarmayıb.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.