“Pekin-2022” Qış Olimpiya və Paralimpiya oyunlarının keçiriləcəyi məkanlara yalnız Çində yaşayan azarkeşlər buraxılacaqlar. Əcnəbi azarkeşlər COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə Çinə gələ bilməyəcəklər.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə oyunların təşkilat komitəsinin “Pekin-2022” zamanı anti-epidemik məsələlərə dair Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyi tədbirlər toplusunda qeyd olunub. Qərarda oyunlarda iştirak edəcək atletlərlə bağlı bildirilib ki, COVID-19 virusuna qarşı peyvənd edilən idmançılar istisna olunmaqla, digər atletlər və heyət üzvləri Çinə daxil olduqdan sonra 21 gün müddətində karantin rejimində qalmalıdırlar. Peyvənd olunan və karantin dövrünü keçənlər sonrakı müddətdə qapalı nəzarət sisteminə cəlb ediləcəklər. Yanvarın 23-də işə başlayacaq və Paralimpiya Oyunlarının sonunadək davam edəcək sistem atletlərin Çinə giriş-çıxışı, nəqliyyat, yerləşmə, qidalanma, yarışlarda iştirak, açılış və bağlanış mərasimlərini əhatə edəcək. Atletlərin və heyət üzvlərinin yalnız yarış məkanlarına, məşq zallarına və oyunlarla bağlı digər yerlərə girişinə icazə verilir. Onlar müəyyən olunmuş məkanlardan kənara çıxa bilməyəcəklər.
Təşkilat komitəsi qəbul edilən qərarların atletlərin və heyət üzvlərinin sağlamlığının qorunmasına xidmət edəcəyini düşünür.
“Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.