logo

I və IV ixtisas qrupları üzrə qəbul imtahanında 3 nəfər 700 bal toplayıb

20:33 22-05-2018 | icon 3766
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında 3 nəfər 700 bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə birinci və dördüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 22-də elan edib.

DİM-dən YeniAvropa-ya verilən məlumatda qeyd edilir ki, imtahan nəticələri mərkəzin saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak üçün sənəd vermiş 33.139 abituriyentdən 648-i imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 28-i imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.

İmtahanda birinci ixtisas qrupu üzrə iki abituriyent (İsmayıllı şəhəri, 6 nömrəli tam orta məktəbin və Sumqayıt şəhəri, təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), dördüncü ixtisas qrupu üzrə isə bir abituriyent (Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.