logo

AQTA Bolqarıstan toyuq əti idxalına qadağa qoydu

14:13 17-09-2021 | icon 2639
AQTA Bolqarıstan toyuq əti idxalına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bolqarıstan Respublikasının Vidin vilayətində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.

OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyik ləğv ediləndən sonra gözləmə müddəti başa çatıb və vilayətin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar olaraq həmin vilayətdən bütün növ diri quş və quşçuluq məhsullarının ölkəmizə idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb və aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və həmin müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.