logo

Qurban Qurbanov:"Biz həmişə qrupda oynamaq istəmişik" 

18:05 15-09-2021 | icon 3927
Qurban Qurbanov:"Biz həmişə qrupda oynamaq istəmişik" 

UEFA Konfrans Liqasının qrup mərhələsində ilk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamaq istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik.

 YeniAvropa xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunda İsveçrənin “Bazel” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 15-də təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, son vaxtlar İsveçrə futbolu tam fərqli səviyyəyə çatıb. Dünən “Yanq Boyz” komandası “Mançester Yunayted”ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır.

“Qarabağ”ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxırlar. Futbolçuların nə qədər istirahət etmələri də önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur”, - deyə Q.Qurbanov əlavə edib.

“Qarabağ”ın kapitanı Maksim Medvedev bildirib ki, bizi çox məsuliyyətli oyun gözləyir. Özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi analiz etmişik. Bunun üçün yenə də vaxtımız var.

“Tofiq Bəhramov adına Respublika Stadionunda oynamağa öyrəşmişik. Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik”, - deyə təcrübəli müdafiəçi əlavə edib.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.