Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.
Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxacaq. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxacaq. Qonaqlarda isə Kriştiano Ronaldo cəzalı olduğu üçün Bakıya gətirilməyib.
Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.