logo

“Tokio-2020”: Daha bir para-atletimiz finala yüksəlib

19:12 02-09-2021 | icon 2870
“Tokio-2020”: Daha bir para-atletimiz finala yüksəlib

Azərbaycanın Milli Paralimpiya komandasının üzvü Yulia Yanovskaya “Tokio-2020”də uğurla çıxış edərək finala yüksəlib.

YeniAvropa xəbər verir ki, para-atletimiz 400 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsində gücünü sınayıb. Məsafəni 56,55 saniyəyə qət edən idmançımız həlledici mərhələyə vəsiqə qazanıb.

Komandamızın digər üzvü, paraatlet Orxan Qasımov (F13) isə yarışda çıxışını başa vurub. Təmsilçimiz nizə atma yarışında 58,96 metr nəticə ilə beşinci yerdə qərarlaşıb.

Hazırda hesabında 16 medal - 11 qızıl, 1 gümüş və 4 bürünc olan Azərbaycan komandası onuncu sıradadır. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medal qazanıblar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.