logo

Üzgüçümüz Raman Saleh "Tokio-2020"də ikinci qızıl medalını qazandı

12:29 31-08-2021 | icon 2688
Üzgüçümüz Raman Saleh "Tokio-2020"də ikinci qızıl medalını qazandı

Azərbaycan üzgüçüsü Raman Saleh Tokio Paralimpiadasında ikinci qızıl medalını qazanıb.

YeniAvropa xəbər verir ki, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında çıxış edən idmançımız məsafəni 52,69 saniyəyə qət edərək ikinci dəfə “Tokio-2020”nin qalibi olub.

R.Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında da ölkəmizin aktivinə qızıl medal yazdırmışdı. O, 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışında isə dördüncü yeri tutmuşdu.

Hazırda Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Digər qızıl medalları nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri və nüvəitələmə yarışında Elvin Astanov qazanıblar. Səid Nəcəfzadə isə uzunluğa tullanma, Pərvin Məmmədov (49 kq) isə pauerliftinq üzrə yarışlarda fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.