logo

İlham Zəkiyev dördüncü Paralimpiya medalını qazanıb

14:31 29-08-2021 | icon 2779
İlham Zəkiyev dördüncü Paralimpiya medalını qazanıb

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev Tokio Paralimpiadasında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripovla qarşılaşmalı idi. Ancaq rəqib əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırılıb və İ.Zəkiyev texniki qələbə qazanıb.

İ.Zəkiyev “Afina-2004”, “Pekin-2008” Yay Paralimpiya oyunlarının qalibi, “London-2012”nin bürünc mükafatçısıdır. Paracüdoçu ikiqat dünya və yeddiqat Avropa çempionudur. O, həmçinin "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 9 qızıl və 2 bürünc medal var.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.