Qazandığım bu, qələbə mənə yuxu kimi gəlir. Paralimpiya çempionu olduğum üçün sevinirəm.
YeniAvropa xəbər verir ki, bunu “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva (48 kq) deyib.
“Tokioda Azərbaycan himnini səsləndirdiyim üçün xoşbəxtəm. Bu qələbəmi müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək”, deyə Paralimpiya çempionu vurğulayıb.
Qeyd edək ki, Ş.Hacıyeva ilə yanaşı, paracüdoçumuz Vüqar Şirinli (60 kq) və üzgüçümüz Raman Saleh də qızıl medala sahib olublar. Pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.