logo

Sabahdan Azərbaycan-Portuqaliya matçının biletləri satışa çıxarılır

13:13 20-08-2021 | icon 2695
Sabahdan Azərbaycan-Portuqaliya matçının biletləri satışa çıxarılır

Azərbaycan millisinin Bakıda Portuqaliyaya qarşı keçirəcəyi "DÇ-2022"nin seçmə mərhələ oyununun biletləri avqustun 21-dən satışa çıxarılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AFFA-dan bildirilib. Qeyd edilib ki, COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər tamaşaçı buraxılacaq.

Biletləri "iticket" mobil tətbiqi və veb saytı, həmçinin “Gənclik Mall” və “28 Mall”da yerləşən "iticket" bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2 manat, 5 manat, 10 manat və 15 manatdır.

Azarkeşlər stadiona "COVİD-19"la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.