logo

Dövlət Sərhəd Xidmətinin gənc əsgərlərin andiçməsi keçirilib

15:31 14-08-2021 | icon 3010
Dövlət Sərhəd Xidmətinin gənc əsgərlərin andiçməsi keçirilib

Avqustun 13-də və 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Vətən müharibəsində şanlı Qələbənin coşqusunun yaşandığı və Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümünə təsadüf etməsi ilə əlamətdar olduğunu vurğulayıblar.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatması, müqəddəs torpaqlarımızın azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı şərəflə döyüşən sərhədçilərin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaları ilə qürur duyduqları vurğulanıb.

Azad olunmuş sərhədlərimizin müdafiə və mühafizəsinin təmin olunması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi, yeni hərbi hissələrin formalaşdırılması, və sərhəd xətti boyu sərhəd zastavalarının bərpa olunması, yeni sərhəd-döyüş məntəqələrinin fəaliyyətə başlaması qeyd edilib.

Mərasimlərdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.

Andiçmə mərasimlərində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim edilib.

Tədbirlər çərçivəsində Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış sərhədçilərin xatirəsinə inşa edilən abidənin açılışı olub.

Mərasimlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.