Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, avqustun 12-də Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edib.
Estoniyalı baş hakim Kristo Toverin idarə etdiyi oyunda "Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.
AEL-in heyətində isə meydana Vozinya, Andrey Teyşeyra, Slobodan Medoyeviç, Davor Zdravkovski, Stefan Sçepoviç, Bruno Santos, Manuel Torres, Euller Silva, Sito Riera, Robert Mazan və Kire Ristevski çıxıblar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Qarabağ" minimal hesablı qələbə qazanıb - 1:0. Matçın 87-ci dəqiqəsində Kadi fərqlənməklə komandasını turnirin növbəti mərhələsinə daşıyıb.
Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Tənsilçimiz pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.