logo

Əlvida “Tokio-2020”- Salam "Paris-2014" : Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi olub 

18:28 08-08-2021 | icon 7595
Əlvida “Tokio-2020”- Salam "Paris-2014" : Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi olub 

Avqustun 8-də Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın Tokio şəhərindəki Milli Olimpiya Stadionunda XXXII Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib.

 YeniAvropa xəbər verir ki, əvvəlcə meydana Yaponiyanın dövlət bayrağı gətirilib. Yaponiyanın dövlət himninin müşayiəti ilə dövlət bayrağı qaldırılıb.

“Tokio-2020”də iştirak edən ölkələrin bayraqları meydana gətirildikdən sonra Olimpiya Oyunlarının maraqlı anlarının əks olunduğu videoçarx nümayiş etdirilib. Yarışların mükafatçılarının meydana gəlişi maraqlı anlarla yadda qalıb.

Tokio Milli stadionunda başlanan atəşfəşanlıqdan yaranan işıq zərrələri yağış şəklində meydana yağaraq Olimpiya Oyunlarının əsas rəmzi sayılan beş halqanı əmələ gətirib. Yaponiyanın məşhur “Tokyo Ska Paradaise” orkestrinin ifasında səslənən əyləncəli musiqinin sədaları altında müasir rəqslər ifa edilib.

Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

Sonra marafon yarışının qalibləri mükafatlandırılıblar. Əvvəlcə qadınlar arasında marafon yarışının qalibi keniyalı Peres Jepcircir, ikinci yeri tutan onun həmyerlisi Brigio Kosqey və üçüncü yerin sahibi ABŞ idmançısı Molli Seydelə mükafatları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər.

Sonra kişilər arasında marafon yarışının qaliblərinə mükafatlar təqdim olunub. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. İkinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub. Medalları mükafatçılara BOK-un vitse-prezidenti Anita DeFrantz və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastian Koe təqdim ediblər.

BOK-un Atletlər Komissiyasının yeni seçilmiş üzvlərinin təqdimatından sonra böyük yarışların ayrılmaz hissəsi olan könüllülərin bir qismi səhnəyə dəvət olunub və mükafatlandırılıblar.

Yaponiyanın ayrı-ayrı prefekturalarının nümayəndələri tərəfindən ifa edilən milli rəqslərin əks olunduğu videoçarx maraqla qarşılanıb. Yakuta və kimono geymiş iştirakçıların meydanda canlı ifa etdiyi “Bon Odori” milli rəqsinə Olimpiya Oyunlarının mükafatçıları da qoşulublar.

Tokionun qubernatoru Koike Yuriko və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirakı ilə BOK-un bayrağı endirilib.

Xanım Koike Yuriko Olimpiya bayrağını BOK-un prezidenti Tomas Baxa, o isə 2024-cü ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Paris şəhərinin meri Ann İdalqoya təqdim edib. Fransanın dövlət himni səsləndirilib. Fransa ilə qurulan birbaşa bağlantıda Paris sakinlərinin, idmançıların Olimpiada estafetini qarşılamağa hazır olduğu əksini tapıb.

Mərasimdə çıxış edən “Tokio-2020”nin təşkilat komitəsinin sədri xanım Seyko Haşimoto və BOK-un prezidenti Tomas Bax Olimpiadanın yüksək dostluq şəraitində keçdiyini, koronavirus pandemiyasına baxmayaraq, Tokionun yeni tarix yazdığını və yarışın uğurlu təşkil olunduğunu diqqətə çatdırıblar.

BOK prezidenti Tomas Bax “Tokio-2020” Olimpiya Oyunlarını bağlı elan edib.

Qeyd edək ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.

Komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

Qeyd edək ki, “Tokio-2020” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilib. Belə ki, Yaponiya paytaxtında ikinci dəfə təşkil edilən Olimpiya Oyunları bütün dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınıb. Təşkilatçıların birlikdə qəbul etdikləri qərara əsasən, əcnəbi tamaşaçıların yarışlara azarkeşlik etmək üçün Yaponiyaya gəlişi qadağan edilib. Yarışları izləmək üçün Yaponiyaya gələn rəsmi nümayəndə heyətlərinin tərkibi də kəskin azaldılıb.

Tokioda və beş prefekturada epidemioloji vəziyyətin ağır olması nəzərə alınaraq buradakı yarışlara yerli tamaşaçıların buraxılmasına icazə verilməyib. Yarışlar fövqəladə vəziyyət rejiminin davam etdiyi şəraitdə keçirilsə də, təşkilatçılar onların yüksək səviyyədə təşkilinə nail ola biliblər.

XXXII Yay Olimpiya Oyunları idman növlərinin (33 idman növü) və oynanılan medalların sayına (339 medal) görə ən böyük idman yarışı olub. Komanda hesabında ABŞ yığması birinci ( 39 qızıl, 41 gümüş, 33 bürünc), Çin komandası ikinci (38 qızıl, 32 gümüş, 18 bürünc), Yaponiya millisi isə üçüncü ( 27 qızıl, 14 gümüş, 17 bürünc) yeri tutublar.