Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.
YeniAvropa xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.
“Tokio-2020”də mübarizəyə səkkizdəbir finaldan qoşulan Mariya Stadnik rusiyalı Stalvira Orşuşa 11:7 hesabı ilə qalib gəlib. Qadın pəhləvanımız dörddəbir finalda Tunis təmsilçisi Sarra Hamdini məğlub edib – 10:0. Yarımfinalda Yaponiya güləşçisi Yui Susakiyə uduzan güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
“Pekin-2008”də bürünc, “London-2012” və “Rio-2016”da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur. O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.
Hazırda Azərbaycan millisinin aktivində 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar. Bundan başqa, karateçimiz İrina Zaretska da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. Həmçinin daha bir pəhləvanımız, Olimpiya çempionu Şərif Şərifov bürünc medal uğrunda görüşdə mübarizə aparacaq.