logo

“Tokio-2020”:Olimpiya çempionu Şərif Şərifov bu dəfə medalsız qaldı

15:57 07-08-2021 | icon 2716
“Tokio-2020”:Olimpiya çempionu Şərif Şərifov bu dəfə medalsız qaldı

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

YeniAvropa xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə kubalı Reyneris Salas Peres ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da, sonuncu xalı qazandığı üçün rəqib idmançı bürünc medala sahib olub.

“London-2012”nin qalibi olan Şərif Şərifov Tokio Olimpiadasında mübarizəyə səkkizdəbir final mərhələsindən başlayıb. O, birinci görüşdə Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevə 0:5 hesabı ilə uduzub. A.Sadullayev finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə qatılmaq hüququ qazanıb. Təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeni 7:5 hesabı ilə məğlub edərək bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.

Hazırda Azərbaycan millisinin hesabında 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar. Bundan başqa, karateçimiz İrina Zaretska da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.