Azərbaycan karateçisi Rafael Ağayev “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olub.
YeniAvropa xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində yarışların finalında təmsilçimiz yenidən italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzub. Bununla da Rafael Ağayev Olimpiadada Azərbaycan milli komandasının aktivinə ilk gümüş medalı yazdırıb.
Karateçimiz mübarizə apardığı B qrupunda Almaniya təmsilçisi Noa Biçi 2:1, avstraliyalı Çuneari Yahironu 5:0, Qazaxıstan karateçisi Nurkanat Ajiqanovu 3:2 hesabı ilə məğlub etsə də, italiyalı Luici Busaya uduzub – 1:3. Qrup mərhələsində ikinci yeri tutan R.Ağayev yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşan karateçimiz 7:0 hesabı ilə qalib gələrək finala adlayıb.
Qeyd edək ki, R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub. O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.
Xatırladaq ki, Olimpiya Oyunlarında karate yarışları ilk dəfə məhz “Tokio-2020”nin proqramına daxil edilib.