Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında yarımfinal görüşünü keçirib.
YeniAvropa xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Yaponiya güləşçisi Yui Susakiyə uduzub. Bununla da güləşçimiz bürünc medal uğrunda mübarizə aparmalı olacaq. Həmin görüşdə onun rəqibi amerikalı Sara Ann Hildebrandt olacaq. Qarşılaşma avqustun 7-də keçiriləcək.
Tokio Olimpiadasında mübarizəyə səkkizdəbir finaldan qoşulan Mariya Stadnik rusiyalı Stalvira Orşuşa 11:7 hesabı ilə qalib gəlib. Qadın pəhləvanımız dörddəbir finalda Tunis təmsilçisi Sarra Hamdini məğlub edib – 10:0.
“Pekin-2008”də bürünc, “London-2012” və “Rio-2016”da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur. O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.
Xatırladaq ki, hazırda Azərbaycan milli komandasının hesabında üç bürünc medal var. Medalları ölkəmizin aktivinə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar. Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.