logo

Cüdo üzrə Azərbaycan milli komandasının məşqçiləri qovuldu

16:03 02-08-2021 | icon 2345
Cüdo üzrə Azərbaycan milli komandasının məşqçiləri qovuldu

Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi ilə iclas keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə ACF məlumat yayıb. Bildirilib ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak ediblər.

İclasda kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı ilə əlaqədar millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla onun bütün köməkçiləri vəzifələrindən uzaqlaşdırılıb.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə nüfuzlu beynəlxalq yarışlardakı nəticələrinə uyğun qaydada ödəniləcəyi barədə qərar qəbul olunub. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

Xatırladaq ki, cüdo üzrə Azərbaycan milli komandası Tokio Olimpiadasında bədbad nəticə göstərib. 9 idmançıdan yalnız 1-i, ukraynalı qadın legioner,+78 kq çəkidə mübarizə aparan İrina Kindzerska bürünc medala sahib olub. Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) isə ən yaxşı halda 1/8 finaladək irəliləyiblər. Onlardan yalnız Rüstəm Orucov (73 kq) 5-ci yerə çıxa bilib. 

Halbuki, "Rio-2016"dan cüdoçularımız 2 medalla  vətənə dönmüşdülər.