Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə ikinci bürünc medalı yazdırıb.
YeniAvropa xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz yarımfinalda Kuba təmsilçisi, Olimpiya və dünya çempionu Arlen Lopez ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan idmançımız Olimpiadada mübarizəni bürünc medalla başa vurub.
Bu çəki dərəcəsində final qarşılaşmasının digər iştirakçısı yarımfinalda rusiyalı İmam Xataevi məğlub edən Böyük Britaniya boksçusu Bencamin Uittaker olacaq.
Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada Türkiyə təmsilçisi Bayram Malkanı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, 26 yaşlı Alfonso Domingez 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olub.
Bununla da Azərbaycan boksçularının “Tokio-2020”də mübarizəsi başa çatıb. Olimpiadaya beş idmançı ilə qatılan boks yığmamızın üzvlərindən Tayfur Əliyev (57), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69) və Məhəmməd Abdullayev (+91 kq) “Tokio-2020”ni medalsız başa vurublar.
Azərbaycan millisinin aktivinə digər medalı qadın cüdoçu İrina Kindzerska yazdırıb.