İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb.
YeniAvropa xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb.
Yarımfinala gedən yolda Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.
Qeyd edək ki, 30 yaşlı qadın cüdoçumuz 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub. Həmin il o, Budapeştdə keçirilən dünya çempionatını üçüncü pillədə başa vurub. İ.Kindzerska 2019-cu ildə Minskin ev sahibliyi etdiyi II Avropa Oyunlarında üçüncü yeri tutub. Bir il sonra Praqada keçirilən qitə birinciliyində gümüş medala sahib olub.
Xatırladaq ki, bu , İrina Kindzerskanın Olimpiya Oyunlarında ikinci iştirakıdır.O, 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Ukrayna yığmasının heyətində iştirak edib və və 5-ci yeri tutub.