Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki, Hifumi Abe 66 kq, Uta Abe isə 52 kq çəkidə olimpiya çempionu olub. Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini məğlub edib. Qeyd edək ki, bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.
Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.
Hifumi Abenin 24, Uta Abenin 21 yaşı var. Yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da eyni çəkidə qızıl medal qazanıb. Eyni zamanda, H.Abe 2017-ci, U.Abe isə 2019-cu il dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndi onlar karyeralarında ilk dəfə olimpiya çempionu olublar.