logo

Tokio olimpiadasını 16 minə yaxın xarici jurnalist işıqlandıracaq

18:27 17-07-2021 | icon 2758
Tokio olimpiadasını 16 minə yaxın xarici jurnalist işıqlandıracaq

Altı gündən sonra start götürəcək "Tokio-2020" Yay Olimpiya Oyunlarını 200 ölkədən 16 minə yaxın xarici jurnalist işıqlandıracaq.

 YeniAvropa  Yaponiya ictimai televiziyasına istinadla xəbər verir ki, Oyunların işıqlandırılması ilə dünyanın iki minədək informasiya kompaniyası məşğul olacaq. Yerli hakimiyyət orqanları yarışları işıqlandıracaq jurnalistlərin 70-80 faizinin koronavirusa qarşı peyvənd olunacağını gözləyir.

Tokio olimpiadasına akkreditə olunan xarici jurnalistlərin yerləşməsi Oyunların Təşkilat Komitəsi tərəfindən müəyyənləşdirilən sərt qaydalar əsasında tənzimlənəcək. Onlar ölkəyə girişdən sonrakı 14 gün ərzində ictimai nəqliyyatdan istifadə etməməli, habelə hər hansı tədbiri işıqlandırmaq qrafiki barədə təşkilatçılara əvvəlcədən məlumat verməlidirlər.

2020-ci ildə pandemiya səbəbindən təxirə salınan Olimpiya Oyunlarının bu il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Təşkilatçılar Oyunları xarici azarkeşlər olmadan keçirməyi qərara alıblar. Həmçinin Tokio da daxil olmaqla, altı prefekturada tədbirlərə yerli tamaşaçılar buraxılmayacaq.

Olimpiada ərəfəsində koronovirusun yayılması ilə bağlı vəziyyət sadə deyil: Yaponiya paytaxtında gündəlik yoluxma halları mindən yuxarı olaraq qalır. Tokioda epidemioloji şəraitin pisləşməsi səbəbindən avqustun 22-dək davam edəcək fövqəladə vəziyyət rejimi yenidən qüvvəyə minib.