Bu gün Azərbaycanı "Tokio-2020" Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
O bildirib ki, olimpiadaya 10 gün qalsa da, artıq nümayəndə heyətinin bəzi üzvləri Yaponiya paytaxtındadır.
Ç.Hüseynzadə idmançıların da Ordumuz kimi qələbələr qazanacağına əminlik ifadə edib: "Çox simvolik rəqəmlər var. Vətən müharibəsi də 44 gün davam etmişdi, vəsiqələrimizin sayı da 44 oldu. Bundan başqa, müstəqillik qazandıqdan sonra bizim üçün ilk sayılan Barselona Yay Olimpiya Oyunlarına 1992-ci ilin məhz bu günü komanda şəklində qatılmışdıq. Qarşıdakı olimpiadada bizim medallarımız da, uğurlarımız da olacaq. Bizə lazım olan Azərbaycan xalqının dəstəyidir".