"Neftçi" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, "ağ-qaralar" 7 illik fasilədən sonra qitənin əsas klub turnirində qüvvəsini sınayacaq.
Flaqman I təsnifat mərhələsində Gürcüstanın ən titullu klubu olan Tbilisi "Dinamo"su ilə qarşılaşacaq. Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Görüşü israilli FIFA referisi David Fuksman idarə edəcək.
Qarşılaşmanın oynanılacağı stadionun təqribən 40 faizi azarkeşlərlə dolacaq. Pandemiya ilə əlaqədar bütün fanatlardan qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq. Hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq. Matçı yalnız bileti olan azarkeşlər izləyə biləcəklər.
Oyun öncəsi komandaların heyətində ciddi itki yoxdur.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması iyulun 14-də Bakıda “Bakcell Arena”da baş tutacaq. Görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması saat 21:00-da başlayacaq.